01:53
Bakı +18° USD 1.70 EUR 1.96 RUB 0.018
XəBəRLəR

“Talassemiyalı Pasiyentlər üçün Yay Məktəbi” layihəsi keçirildi

“Talassemiyalı Pasiyentlər üçün Yay Məktəbi” layihəsi keçirildi

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi və Azərbaycan Talassemiya Federasiyası İctimai Birliyinin təşkilatçılığı ilə “Talassemiyalı Pasiyentlər üçün Yay Məktəbi” layihəsi həyata keçirilib.

Fortunamag.az xəbər verir ki, 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə təsadüf edən layihənin əsas məqsədi talassemiyadan əziyyət çəkən uşaq, yeniyetmə və gənclərin tibbi savadlılığının artırılması, onların sağlamlıqla bağlı məlumatlandırılması və cəmiyyətə inteqrasiyasına dəstək göstərilməsi olub.

Tədbir çərçivəsində iştirakçılar üçün talassemiyanın idarə olunması, müalicə prosesi, sağlam qidalanma, psixoloji dəstək və sağlam həyat tərzi mövzularında maarifləndirici təlimlər təşkil edilib.

Layihədə iştirak edən Azərbaycan Talassemiya Federasiyasının sədri Nailə Quliyeva çıxışında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya talassemiyalı pasiyentlərə göstərilən diqqət və qayğıya görə təşəkkürünü bildirib. O qeyd edib ki, ölkədə talassemiya sahəsində həyata keçirilən layihələr, Talassemiya Mərkəzinin fəaliyyəti, müasir müalicə imkanlarının yaradılması və pasiyentlərə göstərilən sosial dəstək dövlət qayğısının bariz nümunəsidir.

Yay məktəbi çərçivəsində müxtəlif sahələr üzrə mütəxəssislərin təqdimatları, maarifləndirici sessiyalar və interaktiv görüşlər keçirilib. İştirakçılar sağlamlıqlarının qorunması və sosial bacarıqlarının inkişafı istiqamətində faydalı məlumatlar əldə ediblər.

Tədbir zamanı layihədə iştirak edən uşaq, yeniyetmə və gənc pasiyentlər qarşıdan gələn 14 İyun – Ümumdünya Qan Donorları Günü münasibətilə daimi qan donorlarına təşəkkür mesajları hazırlayıblar. Onlar kətan lövhələr üzərində çəkdikləri rəsmlər və yazdıqları mesajlarla donorların əməyinə verdikləri dəyəri ifadə ediblər.

Qeyd olunub ki, “Talassemiyalı Pasiyentlər üçün Yay Məktəbi” layihəsi talassemiyalı şəxslərin həyat keyfiyyətinin yüksəldilməsi, sosial fəallığının artırılması və xəstəliklə mübarizədə motivasiyasının gücləndirilməsi ilə yanaşı, ictimai məlumatlılığın artırılmasına da xidmət edir.

Fortunamag.az

“Talassemiyalı Pasiyentlər üçün Yay Məktəbi” layihəsi keçirildi — 1 “Talassemiyalı Pasiyentlər üçün Yay Məktəbi” layihəsi keçirildi — 2

Daha çox