Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyası tərəfindən Dövlət Təhlükəsizliyi Xidmətinin Milli Kibertəhlükəsizlik Mərkəzinin əsas tərəfdaşlığı ilə iyunun 4-də Bakıda “4-cü Milli Kibertəhlükəsizlik Forumu” işə başlayıb.
Fortunamag.az xəbər verir ki, Forumun əsas məqsədi Azərbaycanda milli kibertəhlükəsizlik ekosisteminin inkişafına töhfə vermək, dövlət-özəl sektor tərəfdaşlığını gücləndirmək, beynəlxalq təcrübə və innovativ yanaşmaların paylaşılmasını təşviq etməkdir.
Tədbir çərçivəsində kibertəhlükəsizlik sahəsində tanınmış beynəlxalq ekspertlər, aparıcı qlobal İT və texnologiya şirkətlərinin rəhbər şəxslərinin çıxışları nəzərdə tutulub. Forumda rəqəmsal transformasiya dövründə yaranan yeni kibertəhdidlər, süni intellekt texnologiyalarının kibertəhlükəsizliyə təsiri, kritik infrastrukturun qorunması, regional əməkdaşlıq imkanları və kibermüdafiə sahəsində müasir yanaşmalar müzakirə olunacaq.