Bakıda keçirilən World Urban Forum 13 (WUF13) çərçivəsində beynəlxalq nümayəndələr şəhərsalma, əlçatan mənzil və davamlı inkişaf məsələlərini müzakirə edirlər. Forum çərçivəsində Keniyanın Mənzil Təsərrüfatı Naziri Charles Hinq ilə eksluziv olaraq Fortunamag.az üçün keçirilən xüsusi müsahibədə qlobal mənzil böhranı, Azərbaycan–Keniya əməkdaşlığı və innovativ yanaşmalar barədə diqqətçəkən fikirlər səsləndirilib.
Müsahibənin əvvəlində qonaq Azərbaycana göstərilən yüksək qonaqpərvərliyə görə təşəkkürünü bildirib:
“Azərbaycan xalqına səmimi qarşılanmaya görə təşəkkür edirəm. Sizin çox gözəl ölkəniz, mehriban insanlarımız və möhtəşəm şəhəriniz var. Mən Bakıya vuruldum.”
Keniyalı nümayəndə bildirib ki, bu, onun Azərbaycana ilk səfəridir və ölkə haqqında təəssüratları olduqca müsbətdir. O, həmçinin Azərbaycan və Keniya arasında münasibətlərin daha da inkişaf etdiyini vurğulayıb:
“Keniya və Azərbaycan arasında yaxşı münasibətlər mövcuddur. Prezidentimiz də Bakıda idi və bu gün ölkəsinə qayıtdı. Qarşıdakı dövrdə iki ölkə arasında əməkdaşlığın daha da genişlənəcəyinə inanırıq.”
Müsahibədə əsas diqqət forumun əsas mövzusu olan mənzil probleminə yönəlib. Nümayəndənin sözlərinə görə, hazırda dünyada milyardlarla insan əlçatan yaşayış imkanlarından məhrumdur:
“Bu forum əsasən insanların mənzil təminatı məsələsinə həsr olunub. Dünyada təxminən 3 milyard insanın əlçatan mənzilə ehtiyacı var. 1,1 milyard insan gecəqondularda yaşayır, 300 milyondan çox insan isə ümumiyyətlə evsizdir.”
Onun fikrincə, problemin əsas çətinliyi maliyyələşmə mexanizmləridir:
“Mənzil tikintisi çox bahalıdır. Burada liderlər, maliyyə institutları və öz daxili resursları hesabına uğurlu layihələr həyata keçirən ölkələr bir araya gəlib. Bu forum təcrübə mübadiləsi baxımından çox önəmlidir.”
“Bizim neft və qaz ehtiyatlarımız yoxdur. Amma ağıllı, zəhmətkeş və yaradıcı insanlarımız var. Əsas uğur formulumuz daxili maliyyə resurslarını düzgün səfərbər etmək və insan potensialına güvənməkdir.”
O qeyd edib ki, Keniyada hazırda genişmiqyaslı mənzil proqramı həyata keçirilir və əsas məqsəd aztəminatlı ailələrin yaşayış şəraitini yaxşılaşdırmaqdır.
Müsahibənin sonunda yaradıcı və innovativ yanaşmaların əhəmiyyəti müzakirə olunub. Keniyalı nümayəndə hesab edir ki, problemlərin həlli üçün gənclərin prosesə aktiv şəkildə cəlb edilməsi vacibdir:
“İnnovativ düşünmək lazımdır. Gənclər daha yaradıcıdır və fərqli düşüncə tərzinə sahibdirlər. Keniyada gənc əhali çoxdur və onlar bu proqramlarda fəal iştirak edirlər. Çünki bu, onların gələcəyidir. World Urban Forum kimi beynəlxalq platformalar ölkələr arasında təcrübə paylaşımını artırmaqla yanaşı, qlobal şəhərsalma və mənzil problemlərinin həlli üçün yeni tərəfdaşlıqların formalaşmasına da imkan yaradır.”
Müsahibəni aparıb Fortunamag.az-ın baş redaktoru Səidə Musayeva.